“Helios” layihəsi 31 may tarixinədək uzadıldı!
Azərbaycanda Avrasiya qitəsində baş verən proseslər, o cümlədən “Şimal Axını II” və “Cənub qaz dəhlizi” kimi layihələr böyük ictimai maraq doğurur.
Bu hal öz növbəsində siyasi və iqtisadi xarakterli analitik işlərinin artırılmasına və Azərbaycan cəmiyyətinin intellektual təbəqəsinin artırılmasına ehtiyac yaratdı.
Məhz belə mütəxəssislərə olan tələbatı ödəmək üçün UNEC Tədqiqat Fondu “Helios” layihəsini həyata keçirir.
Yunan dilindən “Günəş” kimi tərcümə olunan “Helios” siyasət və beynəlxalq iqtisadi əlaqələrlə maraqlanan perspektivli gənclərin müəyyən mövzular ətrafında konsentrasiya olunması üçün yaradılıb.
Layihə iştirakçılarından biri, Anar Xəlizadənin sözlərinə görə, “Helios” həm iştirakçılar, həm də cəmiyyət üçün çox faydalıdır.
“Beynəlxalq münasibətlər və iqtisadiyyatın çox aktual məsələlərinə toxunuruq və bu proseslərin təhlili zamanı daha dərin analizin lazım olduğunu anlayırıq. Layihə üzrə kuratorum, ADA universitetinin dosenti, Anar Vəliyevdir. Öncə Anar müəllimin seminarlarında da iştirak etmişəm, lakin onunla işləmək xüsusi zövq verir.
Kuratorumdan məqalənin yazılışına dair fərdi tövsiyələr aldım və artıq işi bitirmək üzrəyəm. Mənimlə bərabər qrupda çox savadlı və istedadlı iştirakçıları gördüm və başa düşdüm ki, rəqabət çox güclü olacaq! “- deyə Anar Xəlizadə bildirdi.
“Helios” müsabiqəsinə Siyasətşünaslıq, Beynəlxalq Münasibətlər, Beynəlxalq İqtisadi Münasibətlər, Dövlət İdarəçiliyi ixtisasları üzrə hal-hazırda təhsil alan bakalavrlar (yalnız 3 və 4-cü kurs tələbələri), magistrlar, fəlsəfə doktorları, elmlər namizədləri və ya göstərilən sahədə iş təcrübəsinə malik olan insanlar qatıla bilər.