“Helios” müsabiqəsinin qalibləri elan olundu!
28 iyun 2018-ci il tarixində UNEC Tədqiqat Fondunun təşkilatçılığı ilə reallaşan “Helios” müsabiqəsi çərçivəsində dəyərmi masa keçirilib. Tədbirdə UNEC Təqdiqat Fondunun prezidenti Fərhad Əmirbəyov, layihə kuratorları Adgözəl Məmmədov, Müslüm İbrahimov, Anar Vəliyev və gənc ekspertlər iştirak edirdilər.
Tədbiri giriş nitqi ilə açan Fərhad Əmirbəyov bildirdi ki, “Helios” müsabiqəsinin əsas məqsədi geniş iqtisadi və siyasi bilikləri olan gəncləri aşkarlamaq və bu sahədə onlara dəstək olmaqdır. F.Əmirbəyov həmçinin qeyd etdi ki, bu müsabiqənin həyata keçirilməsi ölkədə ekspert cəmiyyətinin yaradılmasına təkan ola bilib.
Tədbirin davamında hər bir kurator iştirakçıları təqdim edərək, onları yazdıqları məqalələr haqqında qısa məlumat verməyə dəvət etdi. Kuratorlar bildirdilər ki, ölkəmizdə analitik düşüncəyə malik olan və hər bir mövzuya şəxsi prizmadan yanaşan gənclərə ehtiyac var.
Müslüm İbrahimov (UNEC): “Sevindirici haldır ki, bu gün yaradıcı və savadlı gənclər cəmiyyətimizdə özünəməxsus yer tutur və «Helios» layihəsi bu cür gənclərin bir araya toplanmasına səbəb ola bildi.”
Adgözəl Məmmədov (Siyasi portretologiya və siyasi analizlər mərkəzi): “Hər bir gənc, tədqiqat zamanı, müstəqil düşüncə qabiliyyətinə mütləq sahib olmalıdır, çünki hazırladığı iş analitika üçün yararlı ola bilər.”
Anar Vəliyev (ADA Universiteti): “Tövsiyyə edirəm ki, gənclərimiz yazdıqları məqalələri “Helios” müsabiqəsindən əlavə olaraq beynəlxalq platformada da təqdim etsinlər. Bu onlara yeni təcrübə qazandıra bilər”.
Aqşın Əliyev, Xəyalə Qədimova və Elnur Nəciyev müsabiqənin qalibləri seçildilər və hər biri UNEC Təqdiqat Fondundan mükafat əldə etdi.
Tədbirin sonunda “Helios” müsabiqəsinin iştirakçıları ilə xatirə şəkli çəkildi.
Qeyd edək ki, «Helios» müsabiqəsinə 30 gənc müraciət edib və onlardan yalnız 12-si son mərhələyə keçid ala bilib. Müsabiqədə Siyasətşünaslıq, Beynəlxalq Münasibətlər, Beynəlxalq İqtisadi Münasibətlər, Dövlət İdarəçiliyi ixtisasları üzrə təhsil alan bakalavrlar, magistrlar, fəlsəfə doktorları, elmlər namizədləri və göstərilən sahədə iş təcrübəsinə malik olan şəxslər iştirak ediblər.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) nəzdində fəaliyyət göstərən UNEC Tədqiqat Fondu 30 iyun 2017-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatı qismində qeydə alınıb.