«HÖVSAN FRESH» LOGİSTİKA KOMPLEKSİNİN ƏTRAF MÜHİTƏ TƏSİRLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ

layihəsi çərçivəsində görülən işlər

İlkin mərhələdə kompleksinin ərazisinin iqtisadi-coğrafi qiymətləndirilməsi aparılmış və müəyyən edilmişdir ki, yol-nəqliyyat infrastrukturu baxımından logistika kompleksi əlverişli mövqedə yerləşir. Daha sonra statistik məlumatlar əsasında Bakı şəhəri və Suraxanı rayonunun demoqrafik göstəricilər (əhalinin sayı, sıxlıq) təhlil olunmuşdur.

İkinci mərhələdə kompleksin yaradılmasının əsas məqsədi və qarşısına qoyduğu vəzifələrə aydınlıq gətirilmişdir. Müəyyən edilmişdir ki, bazar iqtisadiyyatı şəraitində logistika kompleksinin yaradılması respublika əhəmiyyətli bir investisiya layihəsi olmaqla yanaşı, həm iqdisadi, həm də sosial üstünlüklərə malikdir. Əsas vəzifə isə logistika kompleksinin yaradılması mərhələsində və gələcək fəaliyyətində ətraf mühitlə bağlı məsələlərin də nəzərə alınmasıdır. Daha sonra eskiz layihəsi təqdim edilmiş, layihədə incə məqamlara toxunulmuş və əsas texniki göstəricilər öz əksini tapmışdır. Logistika kompleksinin inşası zamanı Azərbaycan Respublikasında ekoloji siyasətin əsas istiqaməti ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsi işinin təşkili məqsədilə normativ-hüquqi baza təhlil olunmuşdur.

Üçüncü mərhələdə kompleksin yerləşdiyi ərazinin təbii və iqlim şəraiti təhlil olunmuşdur. Bu zaman, logistika kompleksinin inşası zamanı vacib olan təbii amillər vurğulanmış, gələcəkdə ekstrimal şərait baş verərsə iş saatlarının müəyyən olunması və işçilərin sağlamlıqlarının təmin olunması istiqamətində təkliflər verilmişdir. Bununla yanaşı, ətraf mühidə: atmosfer havasına, torpaq örtüyünə, bitki və heyvanat aləminə, insan sağlamlığına dəyə biləcək ziyanlarla bağlı məlumatlar verilmişdir.

Dördüncü mərhələdə kompleksin hazırkı durumunun ekoloji vəziyyətin təhlili aparılmışdır. Bu zaman, avtomobil nəqliyyatı vasitələrinin insan sağlamlığına təsiri araşdırılmış, ümum respublika, eləcə də Bakı şəhəri üzrə avtomobil nəqliyyat vasitələrindən atmosfer havasına atılan çirkləndirici maddələrin miqdarı (həmçinin adambaşına düşən miqdarı), Bakı şəhəri və Suraxanı rayonunda çirkab suların həcmi, səs-küy amili və torpaq qatının çirklənməsi statistik materiallar əsasında təhlil olunmuşdur. Bunlarla yanaşı, ekoliji problemlər və onların aradan qaldırılması üçün görüləcək işlərin təhlili aparılmış, problemdən çıxış yolları istiqamətində təkliflər verilmişdir.

Son mərhələdə ümumi ekoloji vəziyyətin qiymətləndirilməsi aparılmış, gələcəkdə yarana biləcək ekoloji təhlükələr araşdırılmış, ekoloji sənədin hazırlanması üçün eskiz layihə təqdim olunmuş, monitorinqin keçirilməsi qaydaları barədə məlumat verilmişdir.