Müəllif: Tural Şirin
Xülasə/Giriş:
Demək olar, artıq iki yüz ildir ki, Azərbaycan fəal şəkildə neft və qaz sənayesi ilə məşğuldur və “qara qızılın” vətəni hesab olunur. 2016-cı ilin statistik məlumatlarına əsasən Azərbaycan bir günə 800,000 barel, bir ilə təxminən otuz milyard kubmetr təbii qaz istehsal edir ki, bu da Cənubi Qafqazın cəmi 10 milyon əhalisi olan kiçik bir dövləti üçün kifayət qədər böyük göstəricidir. [1] Habelə, iyirmi birinci əsrin ikinci onilliyi irəlilədikcə Azərbaycan Respublikası qlobal neft və qaz sənayesində özünün əsas statusunu geri qaytarmaq üçün əlindən gələni edir.
Trans Anadolu Təbii Qaz Boru Kəməri – TANAP
2011-ci ilin sonuncu ayında Azərbaycan Respublikası və Türkiyə Respublikası Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə TANAP layihəsi çərçivəsində Anlaşma Memorandumu imzaladılar. Bundan sonra rəsmi olaraq layihənin icrasına başlanıldı və tikinti prosesinə icazə verildi. [2] Bu boru xəttinin inşasında əsas hədəf Şahdəniz-2 qaz yatağından hasil olunan təbii qazın Turkiyə və əsasən də Avropa bazarlarına nəqlinin genişləndirilməsidir. Yuxarıda qeyd edilən qaz yatağının illik ixrac həcmi 16 milyard kubmetrdir ki, bunun da demək olar hamısı xarici bazarlar üçün nəzərdə tutulub. SOCAR-ın Türkiyədəki bənzəri BOTAŞ 6 milyard kubmetr qazın Türkiyəyə nəql olunmasını təmin etdi, qalan 10 milyard kubmetr qazın satışı ilə bağlı bir sıra Avropa şirkətləri ilə, əsasən də İtalyan şirkətləri ilə razılığa gəlindi.[3]
Layihənin üstünlükləri
Azərbaycanın Avropa bazarına inteqrasiyası.
Şübhəsiz ki, TANAP Azərbaycanın Avropanın Enerji bazarlarına inteqrasiyası, eləcə də təhlükəsiz tranzit dövlət kimi öz mövqeyini möhkəmləndirməsi üçün ən böyük imkandır. Uzunmüddətli perspektivdə layihə ölkənin təbii qaz ixracını ildə 8.1 milyard kubmetrdən təqribən 24 milyard kubmetrə kimi artıracaq. [4] Ölkə səviyyəsində isə TANAP Azərbaycana öz enerji resursları sənayesini qlobal standartlar səviyyəsində inkişaf etdirmək imkanı bəxş edəcək.
Neft ixracındakı azalmanın tarazlaşdırılması.
Heç şübhəsiz ki, son illərdə baş verən neft böhranı Azərbaycanın da neft hasilatına zərbə vurdu və bunun nəticəsində hasilat əhəmiyyətli dərəcədə azaldı. Bu baxımdan Azərbaycanın təbii qaz ixracatı büdcəyə əlavə gəlirlər gətirəcək ki, bu da hökumətə özünün mövcud aktivlərinin həcmini artırmağa və bebəliklə də ölkənin iqtisadi artımını təmin etməyə imkan verəcək. Boru kəməri inşa edildikdən sonra yerli bazardan Avropa bazarlarına kimi uzanan ixracatın uğurlu diversifikasiyası ölkə üçün əhəmiyyətli dərəcədə faydalı olacaq.
Azərbaycanın beynəlxalq arenadakı nüfuzuna TANAP-ın töhfəsi
TANAP Cənub Qaz Dəhlizinin reallaşmasında qabaqcıl bir layihədir. Bir çox mütəxəssis bu layihəni Azərbaycanın ən mühüm enerji layihəsi hesab edir. Amerika Birləşmiş Ştatları və Birləşmiş Krallıq da daxil olmaqla, onlarla dövlətin imzaladığı Avropa Komissiyasının Bəyanatı gələcəkdə Qərb Yarımkürəsi ilə sıx ticarət əlaqələrinin qurulması baxımından ümidverici faktordur. Potensial olaraq boru xətti Avropa dövlətləri və beynəlxalq strukturlarda Azərbaycan Respublikasına qarşı artmaqda olan tənqidi tendensiyanı kökündən dəyişə bilər. Mümkün uzunmüddətli perspektivdə Avropa ilə enerji ticarəti Azərbaycan Respublikasına Rusiya Federasiyasının himayəsindən azad olmaq və beləliklə də digər dövlətlərlə çoxdan gözlənilən iqtisadi və siyasi yaxınlığa nail olmaq imkanı yaradacaq.
Qonşu Türkiyə dövləti ilə əlaqələrin möhkəmlənməsi
Keçən onillikdə uğurla reallaşdırılan Bakı-Tbilisi-Ceyhan Neft Boru Kəməri və Bakı-Tbilisi-Ərzurum Qaz Boru Kəməri layihələrindən sonra iki qonşu dövlət – Türkiyə və Azərbaycan enerji sektorunda birgə inkişafı gücləndirdilər. TANAP layihəsinin köməyi ilə Türkiyə illik 5% istehlak həcminə malik olan zəif qaz ehtiyatı problemini həll etməyə bir addım da yaxınlaşacaq, bu göstərici Avropa ölkələrində 20-30%-ə bərabərdir.[5] Tədricən qaz təchizatçılarının diversifikasiyası və TANAP layihəsi vasitəsilə təzhizatın təhlükəsizliyinin gücləndirilməsi Türkiyənin iqtisadi artımına müsbət təsir göstərəcək. Bundan əlavə, layihə Avropa dövlətləri ilə yeni ticarət əlaqələri yaradacaq və heç şübhəsiz ki, hər iki regional gücün dünyanın enerji bazarlarındakı nüfuzunu gücləndirəcək.
Avropa dövlətləri üçün “Yağlı tikə”
Son onillikdə qaz hasilatındakı zəifləmə səbəbindən Avropa İttifaqı ölkələrində təbii qazın idxalı Avropanın qaz təchizatının 2/3-ni təşkil edir və bu azalma hələ də davam etməkdədir. Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına əsasən, 2040-cı ilə kimi Avropanın illik qaz hasilatı 100 milyard kubmetrə kimi düşəcək və belə olduqda Avropa İttifaqı ölkələrində enerjiyə olan tələbatla, azalmaqda olan enerji təchizatı arasındakı fərqi azaltmaq üçün region böyük həcmli idxallardan asılı olacaq. [6] Qərbi Avropada ümumi qaz təchizatı olduqca müxtəlifdir, lakin İtaliya da daxil olmaqla Şərqi və Cənub-şərqi Avropada əhəmiyyətli dərəcədə bir mənbədən asılılıq mövcuddur. Buna baxmayaraq, Cənub Qaz Dəhlizinin tikintisi enerji marşrutlarının diversifikasiyası və təhlükəsizliyi baxımından Avropa üçün böyük əhəmiyyət kəsb edir. Bu layihənin Türkiyə və Azərbaycan üçün daha faydalı olmasına baxmayaraq, ilkin təşəbbüskarlar TANAP layihəsindən mənfəət əldə edən yeganə dövlət deyillər. Əminliklə deyə bilərik ki, Avropanın enerji bazarı qaz nəqlində çoxdan gözlənilən diversifikasiya və təhlükəsizliyə nail olacaq. TANAP, Rusiya Federasiyasının tranzit ölkə olan Ukrayna ilə siyasi böhrana başının qarışması səbəbindən kəskin qaz defisiti yaşayan Cənub və Cənub-şərqi Avropa üçün çıxış yolu olacaq. İtaliyanın qaz sərfiyyatının 5% artaraq 70.9 milyard kubmetrə çatması, eləcə də boru xətti ilə nəql olunacaq qazın Cənub-şərqi Avropanın qaz idxalının təqribən 90%-ni təşkil etməsi faktını nəzərə alaraq, əminliklə deyə bilərik ki, TANAP-ın Avropaya gətirdiyi müxtəliflik həyati əhəmiyyət daşıyır.[7] İlkin razılığa əsasən TANAP vasitəsilə Avropaya nəql olunacaq illik 10 milyard kubmetr həcmində qaz tədürükü Avropanın qaz idxalının 3-4%-ni, nəqlin gələcəkdə 20 milyard kubmetrə çatması ilə isə, bu göstəricinin təqribən ikiqatını təşkil edəcək. Avropa Komissiyasının sözlərinə görə, zərurət yaranarsa uzunmüddətli perspektivdə Avropa İttifaqı Cənub Qaz Dəhlizi vasitəsilə həyata keçiriləcək qaz idxalının həcmini 80-100 milyard kubmetrə kimi artıra bilər.[8] Şübhəsiz ki, bir neçə ildən sonra Azərbaycan TANAP vasitəsilə özünün styrateji əhəmiyyətini nümayiş etdirəcək və ola bilsin ki, bütün Cənub-şərqi Avropa üçün ən təhlükəsiz qaz təchizatçısı olduğunu sübut edəcək.
Nəticə
Əvvəl də qeyd etdiyimiz kimi, TANAP Azərbaycan Respublikasının ən böyük enerji layihəsi ola bilmək imkanına malikdir. Beynəlxalq arenada, təqribən 2000 km uzunluğa malik boru xətti Avropanın enerji siyasətinin gedişatını və dolayısı ilə regionda qərar qəbulu prosesini və regional münaqişələri dəyişdirəcək. Bu zaman bəzi ritorik suallar meydana çıxır: Azərbaycan regionda qərar qəbulu prosesinin bir hissəsi ola biləcəkmi? Ölkə gələcəkdə Rusiya Federasiyasının qarşısına şərtlər qoya bilərmi? Layihə Dağlıq Qarabağ münaqişəsinin həllində əhəmiyyətli rol oynayacaq, eyni zamanda Cənub Qafqaz regionunda sülh və ədalətin bərpası və çoxdan gözlənilən rifahın təmin edilməsi istiqamətində mühüm addım olacaqmı? Və ən əsası, qərb özünün ikili standart siyasətini dəyişəcək və özünün yeni regional tərəfdaşını dəstəkləyəcəkmi? TANAP ilk günlərdən başlayaraq bir sıra müzakirə mövzularının yaranmasına səbəb olmuşdur və layihədən ən çox kimin mənfəət əldə edəcəyini yalnız zaman göstərəcək, bununla belə, əgər hadisələr bu istiqamətdə inkişaf etməkdə davam edərsə, Azərbaycan özünün regional səviyyədəki bütün məqsədlərinə nail ola biləcək.
[1] SOCAR – http://www.socar.az/socar/en/economics-and-statistics/economics-and-statistics/oil-production
[2] TANAP – http://www.tanap.com/corporate/about-us/
[3] LAYİHƏ İLƏ BAĞLI KOMPLEKS MƏLUMAT SƏNƏDLƏRİ/ KOMPLEKS ZƏMANƏTLƏR CƏDVƏLİ (PID/ISDS) PLAN MƏRHƏLƏSİ- 11 YANVAR 2016, http://documents.worldbank.org/curated/en/975071468102266266/pdf/PIDISDS-CON-Print-P157416-02-26-2016-1456494884810.pdf
[4] Asiya İnfrastruktur İnvestisiyalar Bankı, Azərbaycan Respublikası: Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) Layihəsi, 7 Dekabr 2016<https://www.aiib.org/en/projects/approved/2016/_download/trans-anatolian/document/tanap-project-document.pdf
[5] Eyni yerdə., səh. 6
[6] Eyni yerdə., səh. 5
[7] Interfax Qlobal Enerji, 2016-cı ildə İtaliyanın Qaz Sərfiyyatında 5% artım, 14 iyun 2017-ci il <http://interfaxenergy.com/gasdaily/article/26363/italian-gas-consumption-up-5-in-2016
[8] Eyni yerdə., səh. 6