Ermənistan mədən sənayesinin region çaylarını çirkləndirməsi
UNEC Tədqiqat Fondu
Həmid Əhmədli
Tədqiqatçı
2000-ci ildən etibarən dünya bazarında mis, qızıl və digər qiymətli metallara tələbatın artması Ermənistan Respublikasında mədən sənayesinin inkişafına zəmin yaratdı. Nəticədə, mədən sənayesinə yatırılan investisiyanın həcmi artsa da, bu proses ekoloji vəziyyətin sürətli şəkildə məhvi ilə müşayiət olunur. Mədən sənayesində davam edən fəaliyyət region ölkələrinin ekoloji durumuna da təsirsiz ötüşmür. Mədənlərin bir çoxunun su mənbələrinin yaxınlığında yerləşməsi ətraf mühit üçün zərərli hesab edilən kimyəvi tullantıların çaylara axıdılmasına gətirib çıxarır.
Şəkil 1. Ermənistanın dağ-mədən istehsalı regionları [1]
Ermənistanın cənub-şərqində yerləşən Syunik (Sünik) regionu dağ-mədən sənayesinin əsas mərkəzi hesab edilməkdədir. 2018-ci ildə ölkə üzrə dağ-mədən sənaye məmulatlarının 87%-i adı çəkilən regionda istehsal olunub. Hal-hazırda Ermənistanın ekoloji cəhətdən ən çox çirklənməyə məruz qalmış şəhərləri Kacaran (Qacaran), Kapan (Qafan), Meğri (Mehri) və Aqarak (Əkərək) bu regionda yerləşir. Torpaq, su və kənd təsərrüfatı məhsullarından alınmış bəzi örnəklərə əsasən, ağır və toksik metalların (mis, molibden, vanadium, selenium və s.) həcmi normadan on dəfə, bəzi hallarda isə yüz dəfə artıq olmuşdur [2]. Syunik regionunda yerləşən Kacaran mis-molibden yatağı ölkənin ən iri həcmli dağ-mədən resursu hesab edilir.“Zangezur Copper-Molybdenum Combine (ZCMC)” adlı qərb mənşəli şirkət tərəfindən istismar edilən mədən, ətraf mühitə ciddi təhlükə yaratmaqdır. Belə ki, yataqların istismarı zamanı zərərli tullantılar Voxçi (Oxçuçay) çaya axıdılır və bu tendensiya uzun müddətdir ki, davam etməkdədir. 2017-ci ildə Ermənistanın Ətraf Mühitin Monitorinqi və İnformasiya Mərkəzinin məlumatlarında, Oxçuçay ən çox çirkləndirilən çay hesab edilirdi. Beləliklə, mədən sənayesinin Kacaranda aktiv fəaliyyət göstərməsi, Oxçuçayın tərkibində dəmir, sink, qurğuşun, manqan və s. metalların həcminin artması ilə nəticələnib [3]. Aparılan araşdırmalar nəticəsində, Oxçuçayın suyunun 5-ci kateqoriya yəni ən aşağı keyfiyyətə malik olması səbəbi ilə, Ermənistan ərazisində irriqasiya məqsədləri üçün istifadəsi qadağan edilib [4]. 2019-cu ildə mədənin istismarı zamanı tullantıların daşınması üçün nəzərdə tutulan kəmərdə baş verən sızma, Oxçuçayda ciddi çirklənməyə səbəb olmuşdu [5]. Oxçuçayın işğal olunmuş bölgələrimizdə Araz çayına birləşməsi Azərbaycanın ətraf mühitinə ciddi təhdid yaratmaqda davam edir. Eyni zamanda “Zangezur Copper-Molybdenum Combine (ZCMC)” şirkəti tərəfindən mədənlərdə istehsal həcminin artırılması ilə əlaqədar olaraq daha iri həcmdə su resursunun istifadə edilməsi, Oxçuçayı quruma təhlükəsi ilə üz-üzə qoyub [6].
Şəkil 2. Oxçuçayda su səviyyəsinin azalması
Syunik regionundakı Aqarak (Əkərək) mis-molibden yatağının istismarı nəticəsində də çaylara axıdılan bərk və maye tullantılar ekologiyaya təhlükə yaratmaqdadır. 2016-cı ildə “Agarak Copper Molybdenum Combine” şirkəti tərəfindən istismar edilən qızıl mədəninin Xarçevan çayını çirkləndirməsi erməni mətbuatında geniş rezonans doğurmuşdu. Ermənistan Ətraf Mühit Cəbhəsi adlı qeyri-hökumət təşkilatı məsələ ilə bağlı aidiyyatı qurumlardan izahat tələb etmiş və Ekologiya Nazirliyi çayın suyundan laboratoriya testi aparılacağını bildirmişdi. Lakin nəticələrin geniş ictimaiyyətlə paylaşılmasından imtina edilmiş və adı çəkilən qeyri-hökumət təşkilatı yalan informasiya yaymaqda günahlandırılmışdı. Qeyd edək ki, 2016-cı ildə Ermənistan Amerikan Universitetinin (American University of Armenia) Aqarak (Əkərək) bölgəsində torpaq və su örnəklərindən apardığı araşdırma, Xarçevan çayının aşağı axarında dəmir, nikel və mis qarışığı nəticəsində keyfiyyətin ən aşağı səviyyədə (“pis” və ya 5-ci kateqoriya) olduğunu sübut edib [7].
Şəkil 3. Maye tullantıların Xarçevan çayına axıdılması, Aqarak
Beləliklə, Ermənistanın dağ-mədən sənayesinin ən strateji nöqtəsi hesab edilən Syunik bölgəsinin istismarı regionda ekoloji balansın pozulmasına səbəb olub. Kacaran şəhərində istismar edilən mis-molibden yatağının tullantıları Oxçuçayı, Aqarak şəhərindəki mis-molibden və qızıl yatağı isə Xarçevan çayını çirkləndirməyə davam edir. Nəticədə hər iki çayın Araz çayının qolu olması, regiondakı torpaq sahələrinin və su resurslarının təhlükəli həddə çirkləndirib. Qeyd etmək yerinə düşər ki, Araz çayı transsərhəd çay hesab edildiyindən, Azərbaycanla yanaşı qonşu İran İslam Respublikasının da ekosistemini sıradan çıxarmaqdadır.
Ermənistan Respublikasının dağ-mədən sənayesinin digər mühüm əhəmiyyətli məntəqələri, o cümlədən ölkənin yeganə mis emalı müəssisəsi hesab edilən Alaverdi misəritmə zavodu Lori regionunda yerləşir. Adı çəkilən müəssisə Kacaran bölgəsindən çıxarılan mis filizini emal etmək məqsədi ilə yaradılıb. İstehsal həcminin kiçik olmasına baxmayaraq, müəssisənin ətraf mühitə vurduğu ziyanın həcmini müəyyən etmək olduqca çətindir. Belə ki, zavodun yerləşdiyi Alaverdi şəhəri hava çirkliliyinin və ölümcül xəstəliklərin səviyyəsinin yüksək olması ilə tanınır. Aparılan araşdırmalara əsasən, emal prosesi zamanı toz və zəhərli dumanların qarşısını almaq məqsədi ilə qurulan filtrlərin istifadə müddəti bitsə də, məsələnin həlli ilə bağlı hər hansı bir mexanizm yaradılmayıb [8]. 2018-ci ildə Ermənistan hökuməti tərəfindən hava çirklənməsi ilə bağlı normaların pozulması əsas gətirilərək müəssisənin qapadılmasına qərar verilib. Hətta Nikol Paşinyan Ermənistan parlamentində çıxışı zamanı, Alaverdi mis əritmə müəssisəsinin illərlə zəhərli emissiyaları havaya buraxdığını və bunun xərçəng xəstəliyinə səbəb olması ilə bağlı statistik məlumatlara sahib olduğunu açıq şəkildə bildirmişdi [9]. Lori regionun digər önəmli dağ-mədən əməliyyatları isə “Akhtala Mining and Processing Enterprise” şirkəti tərəfindən Gürcüstan və Azərbaycanla sərhəddə yerləşən Axtala şəhərində aparılmaqdadır. Sovet dövründə yatağın istismarı prosesində filiz konsentrasiyasından ayrılan zəhərli tullantıları saxlamaq məqsədi ilə 3 bəndin tikilməsinə baxmayaraq, 2010-cu ildə bəndlərin yalnız 2-si istismara hazır vəziyyətdə idi. Hal-hazırda işlək vəziyyətdə olan hər iki bəndin istifadə müddəti artıq bitib və bu məsələdə hər hansı dəyişikliyin baş verməməsi struktural zəifliyi göstərir. Eyni zamanda üç bəndin heç biri tullantı sularının dövriyyəsi və ya torpaqların bərpası kimi ətraf mühiti qoruma xüsusiyyətlərinə malik deyil [10].
2007-ci ildə Alaverdi mis əritmə müəssisəsinin rəhbərliyi Lori regionunun Teğut qəsəbəsində yeni mis-molibden yatağını istismara verəcəyini açıqlamışdı. Mədənin işə başlaması bölgə əhalisini yeni iş yerləri ilə təmin etməsinə baxmayaraq, sadə vətəndaşların və qeyri-hökumət təşkilatlarının narazılığı ilə qarşılanmışdı. Yatağın istismarı nəticəsində eroziyaya uğramış torpaq və ağır metal tərkibli mineral qaya parçaları Şnoq (Şınıx) çayına axıdılır ki, bu da regionun ekologiyasına ciddi təsir göstərməkdədir. 2015-ci ildə Teğutu Qoru Vətəndaş Təşəbbüsü (Save Teghut Civic Initiative) qrupu və digər ətraf mühit aktivistləri tərəfindən çayın zəhərli tullantılar ilə çirklənməsi barədə xəbərdarlıq edilsə də, əhəmiyyət verilməmişdi [11].
Şəkil 4. Şnoq çayına tullantıların axıdılması
Eyni zamanda, Ermənistan, Teğut yatağının istismarı prosesində Orxus Konvensiyası (Aarhus Convention) ilə üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozmaqdadır. Qeyd edək ki, Orxus Konvensiyası vətəndaşların ətraf mühitlə əlaqədar məsələlərə dair dövlət orqanlarından dolğun məlumat ala bilməsini və ictimaiyyətin qərar qəbul etmə prosesində iştirakını əsas alan beynəlxalq konvensiyadır. Bir sözlə, Orxus Konvensiyası ekoloji sahədə demokratik prinsiplərin həyata keçirilməsini ehtiva edir. 2009-cu ildə Ermənistanın Beynəlxalq Şəffaflıq Antikorrupsiya Mərkəzi, EcoDar və Helsinki Vətəndaş Məclisinin Vanadzor regional ofisinin Orxus Konvensiyasının Katibliyinə ünvanlandığı məktubunda, Teğut yatağının istismarı ilə bağlı həm administrativ, həm də ekoloji baxımdan problemlərin olduğu qeyd edilirdi [12]. 2010-cu ildə isə Orxus Konvensiyasının Cenevrə komitəsi Ermənistanın üzərinə götürdüyü öhdəliklərinə baxmayaraq, Lori regionundakı Teğut mis-molibden yatağında əhalinin iştirakçılıq hüququnun pozulduğu haqda qərar vermişdi [13]. 2018-ci ilin yanvar ayında mədənin qoruyucu bəndində yaranmış çat nəticəsində sənaye tullantılarının Debed (Tona) çayına axması, bölgəni ciddi ekoloji fəlakətlə üz-üzə qoymuşdu. Baş verən hadisədən sonra mədənin istismarını həyata keçirən “Vallex Group” profilaktik təmirə ehtiyac olduğunu əsas gətirərək, Teğut yatağında aparılan işlərin dayandırıldığını elan etdi. Lakin mədənin istismarı 2019-cu ilin ikinci yarısından etibarən yenidən aparılmaqdadır. Ermənistanda ikinci ən böyük yataq hesab edilən Teğut mədəninin yaratdığı təhlükə yalnız ölkə daxili ilə məhdudlaşmır. Mədənin insan həyatına və ekologiyaya təhlükəli zərərli tullantılarının axıdıldığı Şnox (Şınıx) çayı aşağı axarda Debed çayı ilə birləşərək Gürcüstan ərazisinə daxil olur, Azərbaycanın Qazax rayonu ərazisində isə Kür çayına tökülür. Beləliklə, Ermənistanın maliyyə resurslarına olan ehtiyacı yataqların beynəlxalq standartlara uyğun olmayaraq və kütləvi şəkildə istismarına şərait yaradır ki, bu da Gürcüstan və Azərbaycan ərazilərində ekoloji fəlakətə səbəb olur. Bununla bağlı, 2019-cu ildə The International Council of Miners and Minerals adlı qlobal təşkilat tərəfindən Ermənistanın aidiyyatı qurumlarına göndərilən məktubda, Teğut mədənindəki bəndlərdə vəziyyətin son dərəcə təhlükəli həddə olması və dağılma təhlükəsi ilə bağlı xəbərdarlıq edilib [14].
Son illərə Ermənistanda geniş müzakirə edilən mövzulardan biri də Vayots Dzor regionunun Cermuk şəhərində yerləşən Amulsar qızıl mədəninin mümkün istismarıdır. Amulsar qızıl mədəninin yerləşdiyi ərazilərdə “Lydian Armenia” şirkəti tərəfindən 2006-cı ildən etibarən geoloji kəşfiyyat işlərinə başlanılmışdı. Lakin ekspertlərin və bir sıra təşkilatların aktivistlərinin layihənin ekologiyaya neqativ təsirləri ilə bağlı hökumətə xəbərdarlıq etməsi, verilən qərarın yenidən nəzərdən keçirilməsinə səbəb oldu. Amulsar qızıl mədəninin mümkün istismarı Azərbaycan ərazisinə daxil olar çayları çirklənməyə məruz qoyacağı aşikardır. Ermənistan Ətraf Mühit Cəbhəsi (Armenian Enviroment Front) təşkilatı və bu sahədə fəaliyyət göstərən beynəlxalq ekspertlərin birgə araşdırması nəticəsində məlum olmuşdur ki, layihənin başlaması ilə turşu, metal, sulfat, nitrat və digər zərərli maddələrin Arpa və Vorotan (Bazarçay) çaylarına axıdılması baş verəcək ki, bu da nəticədə ekosistemin məhvinə şərait yaracaq. Qeyd edilən araşdırmada adı çəkilən Arpa çayının Naxçıvan ərazisində, Vorotan çayının isə işğal edilmiş bölgələrdə Araz çayına birləşməsi, layihənin istismarının Azərbaycan və İran İslam Respublikasının ətraf mühitinə ciddi zərər vuracağını göstərir.
Şəkil 5. Amulsar qızıl mədənindən Voxçi çaya buraxılan mədən suları [15]
Mədən sənayesinin iqtisadiyyatda rolu
Ermənistanın mədən sənayesi milli iqtisadiyyatın inkişafında strateji sahə olaraq əhəmiyyətli yer tutmaqdadır. Əmək qabiliyyətli əhalinin həssas qrupunun bu sektorda çalışması və dövlət büdcəsinə ödənən vergi və digər ödənişlərin həcmi, mədən sənayesinin önəmindən xəbər verir. Məhdud maliyyə resurslarına malik olan Ermənistanın əlavə gəlir mənbəyi əldə etmək məqsədi ilə mədən sənayesini yaxın və orta müddətdə inkişaf etdirməsi proqnozlaşdırılır. Statistik məlumatlara əsasən, Ermənistan Respublikasının 2018-ci il üzrə ixrac əməliyyatlarının strukturunda ümumi ixrac edilən mal və əmtəənin 51 %-dən çoxu dağ-mədən sənayesinin payına düşüb [16]. İstehsal sahələri üzrə sənaye məhsullarının quruluşunda isə dağ-mədən sənayesi 17.3 % olmaqla ikinci yeri tutmaqdadır [17]. 2009-cu ildə qlobal maliyyə böhranı nəticəsində Ermənistan iqtisadiyyatının geriləməsi və sonrakı illərdə dünya bazarında metal qiymətlərinin artımı, dağ-mədən sənayesində istehsalın artırılmasını qaçınılmaz etmişdi. İstehsalın artması, yeni iş yerlərinin açılması və əlavə maliyyə resursları əldə olunması baxımından önəmli idi. Ermənistanın Gömrük Xidmətinin statistik məlumatlarına əsasən, 2019-cu ildə ixrac edilən məhsullar arasında ilk yeri 627 milyon ABŞ dolları dəyərində mis kondensatı tutur. Əvvəlki illə (2018-ci il) müqayisədə ixrac edilən mis kondensatında 32 % artım qeydə alınıb ki, bunun da əsas səbəbi 2019-cu ilin iyul ayından etibarən mübahisəli Teğut yatağının yenidən istifadəyə verilməsidir [18]. Əldə edilən nəticələrə əsasən, Ermənistanın əsas filiz ixracatçıları Azərbaycan, Gürcüstan və İran İslam Respublikasının ekoloji vəziyyətinə təhlükə yaradan “Zangezur Copper-Molybdenum Combine (CJSC)”, “Agarak Copper Molybdenum Combine” CJSC, “Akhtala Mining and Processing Enterprise” CJSC, Teghout Armenia kimi şirkətlərdir.
Şəkil 5. Dağ-mədən sektorunda çalışan əhalinin regionlar üzrə bölgüsü, 2017-ci il [19]
Hal-hazırda Ermənistan ərazisində 28-dək metal mədəni istismar edilir və iqtisadi fəal əhalinin təxminən 9 200 nəfəri dağ-mədən səhəsində çalışmaqdadır. Yuxarıdakı şəkildən göründüyü kimi, sektorda çalışanların böyük əksəriyyəti Lori və Sünik regionlarının əhalisidir. Müqayisə üçün qeyd edək ki, ölkədə ümumi istehsal olunan mədən məmulatlarının 70-80 %-ni yalnız Qacaran şəhərində fəaliyyət göstərən “Zangezur Copper-Molybdenum Combine (ZCMC)” şirkəti tərəfindən təmin edilir. Həmçinin mədən sənayesində çalışan əhalinin təxminən yarısı (4000 nəfər) adı çəkilən şirkətdə çalışmaqdadır. Məhz sosial-iqtisadi amillər, Ermənistan siyasi hakimiyyətinin ətraf mühitlə bağlı qərarlarına böyük ölçüdə təsir edir. Əks halda, mədənlərin fəaliyyətinin dayandırılması gündəmə gələ bilər ki, bu da siyasi xaosa səbəb olar bilər.
Beynəlxalq reaksiyalar
Dağ-mədən sənayesinin mühüm əhəmiyyət kəsb edən yataqlarının coğrafi yerləşməsinə nəzər yetirsək görərik ki, Ermənistanın çirkləndirdiyi su mənbələrinin aşağı axarının qonşu ölkələrin ərazisində olması, o ölkələrin ətraf mühitinə böyük təhlükə yaratmaqdadır. Mədən sənayesinin ətraf mühitə yaratdığı təhlükələrlə bağlı yerli və beynəlxalq təşkilatlar tərəfindən narahatlıqlar dilə gətirilsə də, Ermənistan hökuməti problemin həllinə dair real addımlar atmayıb. 2011-ci ildə Gürcüstan və Ermənistanın 30-a yaxın qeyri-hökumət təşkilatları öz hökumətlərindən əhalinin və ətraf mühitin Teğut mədəninin mənfi təsirlərindən qorunması üçün müvafiq tədbirlər görməsini tələb edirdi. Ekspertlərin fikrincə, Teğut mədənindən toksik maddələrin transsərhəd çayı olan Debed çayına axıdılması, Ermənistan və Gürcüstan ərazilərində bərpaolunmaz ağır nəticələrə səbəb olacaq [20]. Ermənistan Respublikasının transsərhəd çayları çirkləndirməsi, Azərbaycanla yanaşı, artıq İran İslam Respublikasının aidiyyatı orqanları tərəfindən də dilə gətirilir. 2019-cu ilin noyabr ayında Təbriz şəhərində keçirilən Ermənistan-İran Birgə İşçi Qrupunun iclasında, Araz çayının çirkləndirilməsinin qarşısının alınması məsələləri müzakirə edilib [21]. İranın Şərqi-Azərbaycan vilayətinin Ətraf-Mühit İdarəsinin rəhbəri Həmid Qaseminin fikrincə, Ermənistan tərəfindən mədən tullantılarının Araz çayına axıdılması, beynəlxalq konvensiyalara zidd addımdır və bu məsələ İran Xarici İşlər Nazirliyi tərəfindən təqib edilməlidir [22]. İranlı ekspert Əhməd Baybordinin sözlərinə görə, bir neçə il öncə Təbriz Universiteti və İran İslam Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tədqiqat mərkəzinin birgə apardığı monitorinqlər nəticəsində Araz çayının ağır metallarla çirklənməsi aşkar edilsə də, məlumat geniş ictimaiyyətdən gizlədildi [23]. Ərdəbil əyalətində su və torpaqda aparılan araşdırma nəticəsində də Araz çayının ağır çirklənməyə məruz qaldığı bir daha təsdiqləndi. Hətta keçən il aparılmış sonuncu tədqiqatda, Araz çayının tərkibində alüminium, mis, dəmir kimi maddələrin həcminin normadan on dəfə artıq olması aşkarlanıb. Təsadüfi deyil ki, 2019-cu ildə BMT-nin İnsan Hüquqları Şurasının qida hüququ üzrə xüsusi məruzəçisi Hilal Elver, müşahidə missiyasının bəyanatında Ermənistan ərazisindən keçərək Azərbaycana axan çayların ekoloji çirklənməyə məruz qaldığını bildirmişdi. Baş verən ekoloji çirklənmə vətəndaşların həyatına təhlükə yaratmaqla yanaşı həm də kənd təsərrüfatına yararlı sahələri sıradan çıxarır [24]. Qeyd edək ki, Ermənistanın region ölkələrinin su ehtiyatlarını çirkləndirməsi həmçinin BMT-nin “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə” Konvensiyasının (Convention on the Protection and Use of Transboundary Watercourses and International Lakes) prinsiplərini kobud şəkildə pozmaqdadır. Azərbaycan Respublikası 2000-ci ildən adı çəkilən razılaşmaya qoşulsa da, Ermənistan dövləti bugünədək Konvensiyanı ratifikasiya etməkdən boyun qaçırır. Eyni zamanda əhalinin sağlamlığının qorunması, su ehtiyatlarının daha yaxşı idarə edilməsi və çirklənmənin azaldılması məqsədi ilə Konvensiyanın “Su və Sağlamlıq” haqqında Protokolu Ermənistan tərəfindən 1999-cu ildən etibarən imzalansa da, qüvvəyə minməyib. Məsələ ilə bağlı 2011-ci ildə Ermənistanın Ətraf Mühit Nazirliyi və Səhiyyə Nazirliyinin Protokola qoşulmaq üçün hökumətə ünvanladığı tövsiyyə məktubu Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən rədd edilmişdi. Əsas səbəb BMT-nin “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə” Konvensiyasında “çirkləndirən ödəyir” prinsipinin Ermənistan dövləti tərəfindən qəbul edilməməsidir. Rəsmi Yerevan bu prinsipin yalnız ölkə daxilində tətbiq edilməsini uyğun görür və aşağı axarda yerləşən dövlətlərin hər hansı kompensasiya tələblərinə xidmət etməməli olduğuna israr edir [25].
Nəticə
Ermənistan Respublikası, dövlət gəlirlərini təbii resursların istismarı və satışı üzərində qurulan primitiv iqtisadi modelə əsasən qarşılamağa davam etməkdədir. Bu prosesdə mühüm rol oynayan dağ-mədən sənayesi yalnız ölkə daxilində deyil, həm də qonşu ölkələrin ekosisteminin sıradan çıxmasına şərait yaradır. Şübhəsiz ki, bu prosesdə ən böyük zərər çəkən ölkə məhz Azərbaycan Respublikasıdır. Aparılan tədqiqatlar onu deməyə əsas verir ki, Ermənistanın mədən sənayesi bölgələrindən keçərək ölkəmizə daxili olan çay sistemlərində suyun keyfiyyəti, məişətdə istifadəsi və irriqasiyada tətbiqi üçün beynəlxalq standartlara uyğun deyil. Kür və Araz çayı kimi sərhədyanı çayların birbaşa və ya dolayı yolla çirkləndirilməsi həm də bütün Xəzər hövzəsinin ekologiyasına ciddi təhdid yaradır. Bu isə, problemin artıq qlobal miqyasa keçdiyini göstərir.
İstifadə edilmiş ədəbiyyat
[1] On mining, which way Armenia ? // Fall/Winter 2019 // https://crm.aua.am/files/2020/01/AMCHAM-Featured-Article-On-Mining-which-way-Alen-Amirkhanian-1.pdf
[2] Environmental Heavy Metal Pollution and Effects on Child Mental Development, The problem of heavy metal pollution in the Republic of Armenia: Overview and Strategies of Balancing Socioeconomic and Ecological Development // Spring 2010 // https://link.springer.com/chapter/10.1007/978-94-007-0253-0_18
[3] The Environment, Human Rights, and Conflicts in the South Caucasus and Turkey: Transboundary Water Cooperation as a Mean to Conflict Transformation // 10 January 2019 // https://caucasusedition.net/the-environment-human-rights-and-conflicts-in-the-south-caucasus-and-turkey-transboundary-water-cooperation-as-a-mean-to-conflict-transformation/
[4] Huge amount of heavy and dangerous metals incompatible with life found in Kavart stream // 18 June 2017 // http://www.armecofront.net/en/news/huge-amount-of-heavy-metals-incompatible-with-life-found-in-kavart-stream/
[5] Pipeline of “Zangezur copper-molybdenum combine” CJSC was damaged // 18 October 2019 // https://www.aravot-en.am/2019/10/18/243190/
[6] Voghji River May Disappear Because of Mining (Photos) // 07 December 2015 // https://www.ecolur.org/en/news/mining/–/7868/
[7] Gold mining produces golden pollution // 04 July 2017 // https://oc-media.org/features/gold-mining-produces-golden-pollution/
[8] Mining in Armenia // March 2012 // http://www.envsec.org/publications/mining_in_armenia.pdf
[9] Nikol Pashinyan on Alaverdi Copper Smelting Plant, Teghout and Amulsar Mines // 26 October 2018 // https://ecostimule.com/%D5%B6%D5%AB%D5%AF%D5%B8%D5%AC-%D6%83%D5%A1%D5%B7%D5%AB%D5%B6%D5%B5%D5%A1%D5%B6%D5%A8%D5%9D-%D5%A1%D5%AC%D5%A1%D5%BE%D5%A5%D6%80%D5%A4%D5%B8%D6%82-%D5%BA%D5%B2%D5%B6%D5%B1%D5%A1%D5%B1%D5%B8%D6%82/
[10] Mining in Armenia // March 2012 // http://www.envsec.org/publications/mining_in_armenia.pdf
[11] Shnogh River will Never Be the Same // 17 April 2015 // https://www.ecolur.org/en/news/teghout/-/7241/
[12] Armenia violates international commitments for AARHUS Convention // 22 September 2009 // https://www.ecolur.org/en/news/teghout/–/453/
[13] AARHUS Convention compliance committee in Geneva reached decision Armenia not comply with certain obligation // 28 October 2010 // https://www.ecolur.org/en/news/teghout/—/1607/
[14] Who to believe to in case of Teghout tailing damp safety ? // 16 December 2019 // https://www.ecolur.org/en/news/mining/-/11903/
[15] Huge amount of heavy and dangerous metals incompatible with life found in Kavart stream // 18 June 2017 // http://www.armecofront.net/en/news/huge-amount-of-heavy-metals-incompatible-with-life-found-in-kavart-stream/
[16] Statistical Yearbook of Armenia: External Economic Activity // 2019 // https://www.armstat.am/file/doc/99516823.pdf
[17] Социально-экономическое положение Республики Армения в январе-декабре 2018 года // 2019 // https://www.armstat.am/file/article/sv_12_18r_121.pdf
[18] Armenia’s Copper Exports Up 32 % ; Relaunch of Teghout a Major Factor // 7 March 2020 // https://hetq.am/en/article/114177
[19] Republic of Armenia, Extractive Industries Transparency Initiative (EITI) Report 2016-2017 // 2018 // https://eiti.org/files/documents/english_2016-2017_armenia_eiti_report.pdf
[20] Georgian and Armenian ecologists against Teghut Deposit exploitation // 22 February 2011 // https://www.ecolur.org/en/news/teghout/–/2071/
[21] Armenia obliged to block, fully remove flow of pollutants into Aras River: official // 21 November 2019 // https://en.irna.ir/news/83564182/Armenia-obliged-to-block-fully-remove-flow-of-pollutants-into
[22] Iranian Foreign Ministry should follow up Aras River pollution // 23 November 2019 // https://en.mehrnews.com/news/152591/Iranian-Foreign-Ministry-should-follow-up-Aras-River-pollution
[23] Armenia should be more responsible for polluting Aras River // 23 November 2019 // https://www.tehrantimes.com/news/442262/Armenia-should-be-more-responsible-for-polluting-Aras-River
[24] BMT-nin xüsusi məruzəçisi Ermənistanın Azərbaycana axan çayları çirkləndirdiyini bəyan edib // 11 Oktyabr 2019 // https://apa.az/az/xarici_siyaset/bmt-nin-xususi-meruzecisi-ermenistanin-azerbaycana-axan-caylaricirklendirdiyini-beyan-edib-554188
[25] Protocol on Water // May 2014 // https://www.unece.org/fileadmin/DAM/env/water/npd/Armenia/ARM_WHP_RoadMap_eng_final.pdf